ŞƏKİDƏ REGİONAL APELLYASİYA MƏHKƏMƏSİ FƏALİYƏTƏ BAŞLAMIŞDIR
Bu münasibətlə yeni qurumun təqdimat mərasimi keçirilmişdir. Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev tədbiri açaraq "Azərbaycan Respublikasında Məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli fərmanının əhəmiyyətini vurğulamışdır.
Sonra Hikmət Mirzəyev yeni yaradılmış məhkəmənin strukturu barədə məlumat vermiş, onun yurisdiksiyasında olan rayonların adlarını sadalamışdır.
Natiq Şəki Regional Apellyasiya Məhkəməsinin sədri Ramazan Hacı oğlu Burcayevi məhkəmə kollektivinə təqdim etmişdir. R.Burcayev isə öz çıxışında bu məhkəmədə ancaq ədalətli qərar qəbul ediləcəyinə, ona göstərilən etimadı doğrultmağa çalışacağına söz vermişdir.
Şəkinin hüquq-mühafizə orqanları rəhbərlərinin də iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov çıxış edərək regional məhkəmənin əməkdaşlarını yeni təyinat münasibətilə təbrik etmiş, onlara öz çətin işlərində uğurlar arzulamışdır.
"ŞƏKİNİN SƏSİ"
İyulun 16-da Şəki Regional Apellyasiya Məhkəməsinin fəaliyyətə başlaması münasibətilə təqdimat mərasimi olmuşdur. Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədri Hikmət Mirzəyev, şəhər rəhbərliyi, habelə bölgə rayonlarının hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə məhkəmənin inzibati binası ilə, burada yaradılan şəraitlə yaxından tanış olmuşlar
Yeni məhkəmənin təqdimatına həsr olunmuş mərasimdə çıxış edən Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi" və "Azərbaycan Respublikasında bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə təşkil edilmiş 5 apellyasiya məhkəməsindən biri olan Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına Ağdaş, Balakən, Göyçay, İsmayıllı, Qax, Qəbələ və Oğuz rayonları, Şəki və Mingəçevir şəhərləri, Şəki İqtisad Məhkəməsi, habelə hərbi işlər üzrə Gəncə şəhəri, Ağdam və Tərtər rayonlarının daxil olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu ərazilərdə yerləşən birinci instansiya məhkəmələrinin qərarlarından verilmiş apellyasiya şikayətlərinə bundan sonra yeni apellyasiya məhkəməsində baxılacaqdır. Azərbaycan Prezidentinin sərəncamı ilə Şəki Apellyasiya Məhkəməsinə uzun illər məhkəmə-hüquq sistemində rəhbər vəzifələrdə çalışmış, geniş biliyə, yüksək peşəkarlığa malik Ramazan Burcayev sədr, Milli Məclisin qərarı ilə Rəhimov Elman Gülbaba oğlu, Rəhimov Kamil İsmayıl oğlu, Babayev Qədim Xalid oğlu, Kərimov Qəzənfər Babax an oğlu, Quliyev İnşallah Fərrux oğlu və Məmmədov Natiq Eyyub oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilmişlər.
Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatları barədə məlumat verən Hikmət Mirzəyev məhkəmələrin işinin təkmilləşdirilməsi, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə bir sıra qanunların qəbul olunduğunu, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırıldığını, yeni üçrəngli məhkəmə sisteminin təsis edildiyini, ölkənin tarixində ilk dəfə olaraq yeni hakimlərin test imtahanlarının nəticələrinə əsasən işə qəbul olunduğunu nəzərə çatdırmışdır. Qeyd edilmişdir ki, yeni məhkəmələrin yaradılması sui-istifadə və süründürməçilik hallarını aradan qaldıracaq, vətəndaşların məhkəmələrə müraciət imkanlarını xeyli asanlaşdıracaqdır.
Mərasimdə iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov yeni yaradılan qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Nazim müəllim bu cür qurumların yaradılmasının Azərbaycan Prezidentinin təsdiq etdiyi qlobal fəaliyyətinin – ölkə regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramının bir hissəsi olduğunu qeyd etmişdir. Bu, bir daha göstərir ki, regionların tarazı və sürətlə inkişafı dövlət başçımızın daxili siyasətinin öncül istiqamətidir.
Mustafa DADAŞOV.
<<< Ana səhifə
