OXUCULARIN YARADICILIĞI
(Ölməz vətən oğlu,
qeyrətli telejurnalist,
Milli Qəhrəmanımız, həmyerlimiz
Çingiz Fuad oğlu Mustafayevin
unudulmaz xatirəsinə həsr edirəm)
ÇİNGİZ
Yaşadı ömrünün hər bir anıyla,
Sevdi millətini əziz canıyla.
Fuad vüqarıyla, Naxış qanıyla,
Böyüdü, ucaldı, boy atdı Çingiz.
"Marxal" ucalığı, Şah dağımızdır,
Şəki zirvəsində bayrağımızdır.
Hacı Çələbidi, Muştağımızdır,
Taledi, qismətdi, muraddı Çingiz.
"Yallı" da oynadı kiçik yaşında,
"215"-in durdu başında.
90-cı ilin haqq savaşında,
Vətən bayrağını ucaltdı Çingiz.
Dağladı düşməni söz ölümüylə,
Mərdlik, qəhrəmanlıq, düz ölümüylə.
Düşdü tarixlərə öz ölümüylə,
Ölməz qəhrəmanlıq yaratdı Çingiz.
Tele verilişiylə bizi "mat" etdi,
Döyüş meydanında ömr, həyat etdi.
Tele kameranı avtomat etdi,
Düşmənin bağrını qanatdı Çingiz.
Başımız üstündə hər zaman gəzər,
Qəlbi Azərbaycan, sinəsi Xəzər.
Qafqaz göylərində qartala bənzər,
Vahidlə cüt “uçan” qanaddı Çingiz.
Yazığı gəlmədi gənc həyatına,
Girdi Xocalıda güllə altına.
Səs saldı dünyanın yeddi qatına
Ölməyən bir əsər yaratdı Çingiz.
Gəzib bir-bir o Qarabağı çəkdi,
Millətə vurulan o dağı çəkdi.
Ağlaya-ağlaya uşağı çəkdi,
Yatan Xocalını oyatdı Çingiz.
Ağdamda od idi onun dörd yanı,
32 yaşda töküldü qanı.
Doğma Qarabağı, Azərbaycanı-
Adıyla əbədi yaşatdı Çingiz.
İgid tək qələbə çaldı qorxuya,
Verdi varlığını haqqa, doğruya.
Bənzəyən Mehdiyə, qoç Koroğluya-
Milli Qəhrəmantək bir addı Çingiz.
Qurtuluş, Çingizim haqq nişanıdır,
Vətən torpağının asimanıdır.
Dünyanın birinci qəhrəmanıdır-
Ölməyən tarixdi, həyatdı Çingiz.
--------------------------------------------------------------------------------
KƏRİM MÜƏLLİMİN,…
Zəhmətkeş, tələbkar bir insan idi,
Çətin iş onun üçün çox asan idi.
"Şəki" kitabını ilk yazan idi,
Vardı şan-şöhrəti Kərim müəllimin.
İki kitab yazdı, yadigar əsər,
Onu unutmasın bizim nəsillər.
Ötsə də zamanlar, keçsə də illər,
İtmədi hörməti Kərim müəllimin…
Şəkinin ziyalı ehtiyacıdı,
İki oğlu, bir qızı başın tacıydı.
Onun ilk sevgisi Rəna bacıydı,
Nurlu məhəbbəti Kərim müəllimin…
Əli dayı, Həsən dayı sözüydü,
Əziz bacıları görən gözüydü.
Xəlil, Rəsul, dayısının özüydü,
Yox idi qiyməti Kərim müəllimin…
Yaxşı mədəniyyət rəhbəri idi,
Şəxsiyyəti dillər əzbəri idi,
Şəki ana yurdu, şəhəri idi,
Vardı ləyaqəti Kərim müəllimin…
Nitqi təmiz idi, sözü mənalı,
Nurlu müəllim idi, özü mənalı.
Olardı hər zaman düzü mənalı,
Haqq sözü, söhbəti Kərim müəllimin…
Bir zaman çoxaldı dərdi-səri də,
Yazıldı ömrünə öz qədəri də.
Var idi sevinci, həm kədəri də,
Beləymiş qisməti Kərim müəllimin…
O Vətən oğludur, qoy ayan olsun,
Əməli nur kimi parlayan olsun.
Onun sevgisi ilə yaşayan olsun,
Şəki mədəniyyəti Kərim müəllimin…
Bütün insanlara əziz olardı,
Qəlbi Xəzər boyda dəniz olardı.
Məsləki, arzusu təmiz olardı,
Haqqı, ədaləti Kərim müəllimin…
Qurtuluş, o insan həmişə sağdır,
Başımız üstündə sönməz mayakdır.
Bizim qəlbimizdə yaşayacaqdır,
Nurlu şəxsiyyəti Kərim müəllimin
--------------------------------------------------------------------------------
"ATLARIN ƏHƏDİ KƏSİLİR" YAMAN
("Atların əhədi kəsilir" adlı publisist yazının müəllifi, həmyerlimiz,
ölməz dilçi alim Aydın Məmmədovun əziz xatirəsinə)
Allah da məəttəl qalır dünyaya,
Fələk qəm havası çalır dünyaya.
Zorlular qiyamət salır dünyaya,
İnsan tapdalanır, əzilir yaman,
Atların əhədi kəsilir yaman.
Yem baha, göylərin yeddi qatında,
Çörəyi azalır camaatın da.
Taqəti qalmayır yazıq atın da,
Canı xəstələnir, üzülür yaman,
Atların əhədi kəsilir yaman.
Arıq boğazları kəməndən düşür,
Halsızdır, nə dağdan, nə bənddər düşür,
İnsan da at kimi əhəddən düşür,
Daş olub yan-yana düzülür yaman,
Atların əhədi kəsilir yaman.
Eşşək yemin tapır, dağa dırmaşır,
Ayılar fil kimi lap ağırlaşır.
At əhəddən düşür, nəsli cırlaşır,
Sıxılır, qıc olur, büzülür yaman,
Atların əhədi kəsilir yaman.
Bir vaxt atlar idi heyvanlar şahı,
İndi ərşə çıxır amanı, ahı.
Artıq yazıqların yoxdu pənahı,
Qəlbindən göz yaşı süzülür yaman,
Atların əhədi kəsilir yaman.
Qurtuluş, əhədsiz can yaşayanmaz,
Aydın yazdığını tarix də danmaz.
Əhədsiz qalanın bəxti oyanmaz,
Neyləyək, bu dərdə dözülür yaman,
"Atların əhədi kəsilir" yaman
_____________________________________________________________________________
BİZİM OLSUN
Gözəldir Vətənimin qışı da, baharı da,
Aranda çəməni, dağda qarı da.
Vaxtsız qırılmasın ömür yarıda,
Dünya mənim olsun, mən də dünyanın.
Gəlmişik dünyaya ömür sürməyə,
Namusla işləyib, deyib-gülməyə.
Sevinci, kədəri dostla bölməyə-
Dünya bizim olsun, biz də dünyanın.
İlahi adətlər dəyişməz olur,
Dünya canlılarla boşalıb, dolur.
Yazda güllər açır, payızda solur,
Dönməz qanunudur qoca dünyanın.
Allah buyurubdur: "Səndən hərəkət,
Mən də verəcəyəm sənə bərəkət".
Bu müdrik kəlamla edək hərəkət,
Öyrənək sirrini ulu dünyanın.
Bilinmir neçədir dünyanın yaşı,
Məmməd yaş yetirdi, olmadı naşı.
O, əziz tutubdur dostu-yoldaşı,
Yaxşını, pisini görüb dünyanın.
--------------------------------------------------------------------------------
NƏNƏ OLASAN
(İstedadlı şəfqət bacısı Səadət xanıma)
İstədim şəninə nəğmələr qoşam,
Ay şəfqət bacısı, ay səadət xanım.
Qorxdum belə deyər ağzıgöyçəklər:
"Qoca kişi təzə eşqə düşüb"dür.
Sənə qızlarımın, nəvələrimin,
İçində hörmətli yer saxlamışam.
Qocaman müəllimtək, tərbiyəçitək,
Səksən üç yaşımı mən haqlamışam.
Hörmətim var sənə bir qızım kimi,
Ulduztək qızlarım, ulduzum kimi.
Atanız Qasımın bir yadigarı,
Yaqub müəllimin də gəlini kimi.
Gözəl təbəssümün, şəfalı əlin,
Yüzlərlə xəstəyə şəfa veribdi.
Cavan da, qoca da, hətta körpə də,
Səndən imdad umub, fayda görübdü.
Hələ gənc olsan da, ay Səadət xanım,
Sənətin həkimdən heç geri qalmır.
Həkimin yazdığı dərman nüsxəsi,
Sənin zəhmətinlə faydasız olmur.
Oğlanlar anası, gözəl anasan,
Sənətkar ərinə sadiq sonasan.
Məmməd arzulayır övladlarilə-
Yaxın gələcəkdə nənə olasan.
-------------------------------------------------------------------------------
ŞƏKİLİYƏM MƏN !
Günlərin bir günü, bir "turist" oğlan,
Məndən soruşdu ki, sən də qonaqmısan,
Yoxsa yerlisən?
Ona söylədim ki, - Şəkiliyəm mən,
Dosta arxa olan çətin ayaqda-
Qonaqlı-qaralı şəkiliyəm mən.
Torpağı məhsullu, sarı sünbüllü,
Dağları bir aləm çtçəkli-güllü.
Füsunkar meşəli "Soyuq bulaq"lı,
"Marxallı", "Kişdağlı" Şəkiliyəm mən.
Azəri elinin nəcib nəsliyəm,
Hər vaxt çox mülayim, bəzən hirsliyəm.
Ata nəfəsliyəm, baba səsliyəm,
Dostluğa həvəsli Şəkiliyəm mən.
Mirzə Fətəlinin yerlisiyəm mən,
Şair Bəxtiyarın ellisiyəm mən.
Əməkdar jurnalist Salis müəllimin,
Sadiq oxucusu Şəkiliyəm mən.
İndi tanıdınmı, ay "turist" oğlan-
Yerliyəm Şəkinin bir ziyalısı.
Varlı Azərbaycan ölkəsinin mən,
Sadə vətəndaşı Şəkiliyəm mən.
Burada doğulan, burda yaşlaşan,
Gələcək illərə ümidlə baxan.
Düşməni yumorla yandıran, yaxan,
Qabrova gülüşdü Şəkiliyəm mən.
----------------------------------------------------------------------
YAXŞIDIR
(Gənc şair Murad Akifoğluna)
Qəzetlərdə çıxan şeirlərini-
Oxuyub, düşündüm dedim yaxşıdır.
Sənintək gənclərin şeirə həvəsi,
Ədəbi gəncliyin parlaq nəqşidir.
Gəncliyin sevdiyi lirik şeirlər,
Azəri gəncinin ürək sözüdür.
Şeirini oxuyan oğlanlar, qızlar,
Bir səslə deyirlər: "Sözlər yaxşıdır".
Şeirə, sənətə olan həvəsin,
"Ədəbi gənclik"də səslənən səsin.
Bizə belə deyir, belə söyləyir:
"Sənətdə izlərin xeyli yaxşıdır".
Şair Vaqif Aslan, o gözəl insan,
Peşəkar jurnalist Çingiz Nağıyev.
Sənətdə uğurlar arzulayaraq,
Xeyir-dua verib, sənə deyiblər:
"Lirik şeirlərin daha yaxşı"dır.
"Şəkinin səsi"ndə olan məqalən,
Elmə, istedada alqış səsindi.
Yazıb, yaradığın dolğun sözlərin,
Sənin elmə olan məhəbbətindi.
İndisə sən mənə qulaq as bir az,
Baba məsləhəti faydasız olmaz.
Yaratmaq istəyən hər caman, hər kəs,
Düşünsün "Haqq" sözü kimin səsidi?
Ulu öndərimiz Heydər babanın,
Dahi Nizaminin, Abbas Səhhətin-
Xalqa bəxş etdiyi tövsiyəsidi.
Şeirdə öz yolun, cığırın olsun,
Haqlı insanların "Haqq" sözü olsun.
Yazdığın şeirlər, dediyin sözlər,
Həyatda parlayan ulduzun olsun.
Şair əməlilə ucalar hər an,
Vətənə xidmətlə ucalar hər an.
Saxta söz yazanlar puç olar hər an,
Haqsız söz şeirindən kənar yaxşıdır.
Babanın sözlərin saxla əmanət,
Heç vaxt ustadına etmə xəyanət.
Tanrı bəxş eləsin sənə səadət,
Allah haqq işlərdə pənahın olsun.
-------------------------------------------------------------------------------
ŞƏFA VERİBDİR
(Həkim kardioloq İftixara)
Həkim kardioloq İftixara
Ürək fəsadilə mübarizədə,
Şəxsi üsulların bəhrə veribdir.
Çox illər çəkdiyin böyük zəhmətin,
Bir çox xəstələrə şəfa veribdir.
Müalicə etdiyin çoxlu adamlar,
"Sağ ol" söyləyirlər ürəkdən sənə.
Hər zaman sevindir sən insanları,
Tanrı sənə xoş xasiyyət veribdir.
İftixar adını şərəflə daşı,
Sevindir işinlə hər vətəndaşı.
Müalicə işində axtarışların,
Yeni zirvələrdən xəbər veribdir.
Gecə də, gündüz də sən sağlamlığın,
Cəsur əsgər kimi keşiyindəsən.
Acı dərmanların, şirin sözlərin,
Təbabət elminə töhfə veribdir.
"Hippokrat" andına sadiq həkimsən-
Hələlik fəxri ad almasan da sən.
Əməkdar təbibsən, xalq həkimisən-
Bu adı xəstələr sənə veribdir.
Kardioloq həkim kimi xəstələrin ürəyisən,
Təbib kimi sən hər zaman insanların gərəyisən.
Məmməd deyir: - səhiyyənin əyilməyən biləyisən,
Sənətinlə xoşbəxtliyə Allah soraq veribdir.

