İbn Ərəbşahın məlum “Əcaibül-məqdur fi nəvaib timur”
əsərində şəkiyə dair naməlum bəhslər[1]
İbn Ərəbşah
1389-cu ildə (5 noyabr) Dəməşqdə anadan olub, 1450-ci ildə isə Qahirədə vəfat
etmişdir. O, 1401-ci ildə 12 yaşında ikən, Əmir Teymur Dəməşqi ələ keçirmiş,
onu, anası və qardaşları ilə birlikdə, yerli sakinlərdən əsir etdiyi bütün intelektual qismin özləri və ailələri kimi Səmərqəndə göndərmişdir.
İbn Ərəbşahın 1408-ci ilə qədər Orta Asiyada nə işlə
məşğul olması məlum deyil, əsərlərindən yalnız bu anlaşılır ki, əmirlər, alimlər
və şahmatçılar arasında imiş. Güman edilir ki, o həmin müddət ərzində Əmir
Teymurun nəvəsi Xəlil sultanın xidmətində olmuşdu.
İbn Ərəbşah Səmərqənddə
yaşadığı müddət ərzində təhsil almış, fars, türk və monqol dillərini öyrənmişdir.
O, 1408-ci ildə səyahətə başlayaraq, əvvəl Çinə yollanmış, sonra oradan Krıma qədər uzaq bir məsafəni qət etmiş, buradan isə
Ədirnəyə getmişdir. Ədirnədə
ərəb və fars dillərində olan ədəbiyyatı türkcəyə tərcümə etmək işi ilə məşğul
olan bizim müəllif, daha sonra Türk sultanı Məhəmmədin
(1402-1421) sarayında mirzəlik etmişdir. Sultan Məhəmmədin ölümündən sonra Hələbə
getmiş, oradan isə doğma şəhəri olan Dəməşqə
qayıtmışdır. 1428-ci ildə (Həcc ziyarətinə gedib-gəldikdən sonra) elə burada
elmi-ədəbi fəaliyyətə başlayan İbn Ərəbşah, eyni işi
Qahirəyə köçdükdən sonra davam etdirirmiş və “Əcaibül-məqdur…”u
1440-cı ildə məhz, orada başa çatdrırmışdır[2] .
Biz “Əcaibül-məqdur”un
ərəbcədən fars dilinə Məhəmməd Əli Necati tərəfindən
edilmiş tərcüməsindən (1960/61 (–h.ş.1339))-ci il Tehran nəşri[3]) istifadə etmişik. Əsərdə Azərbaycan
tarixçiliyi üçün əhəmiyyətli faktlar çoxdur. Maraqlıdır ki Əmir Teymurun
sonuncu Gürcüstan yürüşü (1403) barədə İbn Ərəbşahın
qələmə aldığı bəhslər də əslində
Gürcüstana yox, Səkiyə aiddir. Bunu biz yalnız həmin hekayətlərin mətninə
xüsusi diqqət yetirdikdə aşkar edə bildik. Belə ki bu hekayətlərdə “Gəl-Gör-Get” adlı bir qaladan da bəhs olunur, Şirvanşah
Şeyx İbrahimin dili ilə isə yerli əhali gürcü yox, “tatar” adlandırılır. Bu
zaman bizim üçün aydınlaşır ki, hekayətlərdəki “gürcü” sözləri millət yox, hümmət
və məzhəb, yəni “xristian provoslav” mənasında işlədilmişdir.[4] Vətən
tarixinin bir hissəsi yaşanan həmin hekayətlər, indiyə qədər Vətən tarıxşünaslığına məlum deyildi, bunları Azərbaycan dilinə
ilk dəfə biz tərcümə etdik.
Mümkündür ki ibn Ərəbşah 1403-cü
ildə Əmir Teymurun ordusu ilə birlikdə Şəki ölkəsində olmuş, burada baş verən bəzi
hadisələri, hansılar ki sonralar “Əcaibül-məqdur”da qələmə
almışdır, onları o vaxt 14 yaşında ikən şəxsən müşahidə etmişdir. Şəki ölkəsinin
müvafiq dövr tarixinin öyrənilməsi işində “Əcaibül-məqdur”un
müstəsna əhəmiyyəti var.
M
Ə T N
(Şəkiyə
dair iqtibas –
Əmir Teymurun, Şəki ölkəsindəki mağaralıq ilə Gəl – Gör –
Teymur elə Gürcüstan diyarına gəlib yetişənədək[5], dərya kimi dalğalanan ordu
ilə hərəkət edirdi. O kiçik bir ölkədir və adamları Məsihə
sitayiş edənlərdir. Amma bu kiçikliklə, saysız-hesabsız qalalar və möhkəm
bürclər və mağaralar və pusqugahlar və dağlar
və dərələr və uçurumlar səbəbinə xarici ziyandan qorxusuzdurlar və o məkanlardan
hər biri dikbaşlıq və təkəbbürlülükdə israrlı qaldı ki, işğalçı və təcavüzkarların fərmanı
qəbul etmədi. Oranın şəhərlərindən Tiflis və Trabuzan
və Abxazdır ki, oranın paytaxt[lar]ı idi, bu
məkanlar təslimdən yaxalarını kənara çəkdilər və zamanın ixtiyarını Bunun
(–Teymurun) əlinə tapşırmadılar,
Teymur mühasirəyə durar və məşvərətə oturar, o məkanlardan biri, bir mağaralıq (–Marxal?, Sığnaq?) idi ki, onun darvazası lap hündür bir uçurumun
ortasında, indiki zamanın hadisələrindən
kifayət qədər qorxusuz, gələcək zamanınkılardan kənarda yer tutar və aşağıdan
yuxarıya [ən uzaqatan] məncanaqın «əli» [hara] çatsa ondan daha hündürdə, yuxarıdan
aşağıya doğru [ən uzun] nərdivanın ayağı [hara]batsa, bundan daha
aşağıda, daxil olma yolu: örtülü və pünhan qədr
gecəsi kimi, ona yetişmək: işıqlı və aşkar
bədirlənmiş ay kimi [əlçatmaz],
artıq bir tamah Teymuru, onun mühasirəsinə sövq etdi və çalışdı və yan-yörəsini
xeyli gəzdi, öz mühəndis zəkasını işə saldı və
qarma-qarışıq düşüncə və ağlın vəlvələsi ilə kefinə aram verər,
birdən, fikrinə bu gəldi ki əzab atəşini ora yuxarıdan endirsin və o yuvası uca
«Hümayı» (–
“Cənnət quşunu”) havada şikar etsin.
Tez buyurar ki, dəbanə surətli (– zirehli)
sandıqlar düzəltsinlər və [bunları] uzun zəncirlərlə və qüvvətli
adamlarla dağın yüksəklik və zirvələrindən sallasınlar və göyün bəlası
kimi aşağı endirsinlər.
Onda elə etdilər və yerlə göy
arasındakı fəza o sandıqlarla doldu və o dağın və [o dağın]
sakinlərinin canlarına titrəmə düşdü və Onlar yüksəkliklərdə süzən bir şahin
kimi “uçuşanda”, halın dili ilə [Quran ayəsinin bu hissəsi[6]]
xatırlanmaqdadır:
… أَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ
مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاءِ مَا يُمْسِكُهُنَّ إِلَّا اللَّهُ
(– Məgər görmədilər səmanın yüksəkliklərində süzən
quşları ki, oranı onlara məskən edən,
onları orada idarə edən Allahdan başqa bir kimsə deyil..;[7] və elə ki mağaranın ağzı ilə bərabər [səviyyədə]
oldular, onu (– mağaranı)
vuralar və tökülüşələr və sandıqların içərisindən
ciyər yandıran ox və ürək deşən nizə ilə əllərini çıxıralar
və ip və kəmənd və digər vasitələr və silahları işə salalar və o arada fitnə və
qarışıqlıq yaradalar və elə ov şahini kimi kimi
“uçmaq”da idilər və o yurd-yuvaya yaxınlaşırlar və “pəncə”
və “dimdik” göstərirlər və o mağara Onların
yetişməsinə öz möhkəmliyi ilə maneçilik törədir və cəngavərlərinin köməyi ilə
ki, onun içində mövqe tutmuş idilər Onların aşağı gəlmələrinin qarşısını
alır. Onadək ki o əldən iti “uçan” adamlardan biri uğur
və qələbə ahəngi ilə mağaranın ağzı yanına çəngəl batırdı
və öz sandığı ilə o yuvaya əl atdı, səadətin ağuşu açılmış oldu
və münasibin (– bu şəxsin) əlini qucaqladı, xristian qövmü
bir-birinə qarışmış oldu və qabaqlarındakını tanımadılar; bu tək-tənha Onlara
hücum etdi, ta böyüklərindən bir çoxu öldürülmüş oldu, onda, digər öz
yoldaşlarını içəriyə səslədi və Onların köməyi ilə, o kəslər
ki mağaranın bir küncündə gizlənmiş idi bayıra qovdu.
O adamın adı Lhrasb idi; [və bunun
isminin] malik olduğu altı hərf ki, onun üç
hərfi sakindir (–
hərəkəsizdir, yəni bu samitlərin aralarında sait yoxdur) və [yeri
gəlmişkən, qeyd edək ki ] fars dilində və türk dilində sakin həriflərin [beləcə]
vəhdəti boldur.
öz adı kimi dikbaşlıq və təkəbbürdən
söz açar və onun (– adının)
mənası türkcə belədir: «gələrsən, görərsən və geri dönərsən», yəni bir kimsə
ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz[!], onun binası üç
tərəfdən hündür təpəliyin üstündə[dir] və [yüksəkliyi
həmin] tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (– dördüncü) tərəfindən
dar və nahamar yol [gəlir] və [bu yol] sərt və çətin bir
keçiddə başa çatır və o yolu gedən
qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana
yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və
körpü götürülərkən qalaya giriş qapadılmış olar.
Teymur elə ki o halın həqiqətindən
agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz
məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o
qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki
dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı
qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında
həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur.
Amma Teymur tamahkarlığından öz
sığınacaq və qərargahını orda, o qalanın göz qabağında
qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və
get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və
mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün
yarasın və bir meydan ki, cəng üçün işə
keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla [,
döyüşün başqa dəhşətlərindən] qurtulurlar
və qane aşiq kimi, bir baxışa məmnun olurlar və gecə düşən kimi öz çadırlarının yolunu
tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o
zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu] açırlar və gediş-gəlişə başlayırlar, Teymur
üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və onun
(– qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi [O,] köç
göstərişi verdirdi; amma bu
rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və [uydurma
bir] «səbəb» axtarır.[..]
Teymurun ləşgəri
içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki, xasiyyət
və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də
fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin
iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından[8] bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, [onunla]
qabaq-qabağa çıxdı və Bu Onu yerə yıxıb başını kəsib götürdü və Teymurun
dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu “özünü göstərmə” Bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk
şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki, bəlkə özünün tayı yanında
daha yaxşı bir (iş görüb ad-san) qazansın; Onun adı Pirməhəmməd
və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə
malik deyildi. O, bir gecə döyüş
vasitələrini və öz adamlarını yığıb ilahi köməkliyə güvənməklə, boş və
pünhan bir məhlə seçib pusquda durdu və elə gözlədiyi şərait və uğur içində münasib zaman
olur, gah sinəsi üstündə süründü, gah da çöməlib
iməkləyə-iməkləyə yol gedir və bir toxumun bəhrəsindən ki, [o toxumu]
ürəyinin tarlasında əkmiş idi, [bu barədə öz-]özü
ilə söhbət edir.
Ta o dəmədək ki sübh çağı
üzündən niqabı çıxarıb atdı və xristianlar “götürülən körpü”yə tərəf geri
döndülər və onu qurmaq üçün bir-birlərinə kömək edirlər, Pirməhəmməd
körpü tərəfə həmlə edər və körpünün kəndirlərini qırar və Onlar körpünü
götürmək üçün əl [tutmağa bir şey] tapmadılar; bu halda Ona hücum
etdilər və [üstünə] daş və ox yağışı yağdırdılar, Bu,
əcəli heç nə ilə tapmayıb, bir iş ki, həllini nəzərdə tutmuşdu [o işdən] geri oturmadı və [atılan] ox və daşdan
hansı Ona çatır[sa] baş-gözünə dəyir, Onlar
beləcə vuruşma və cəngü-cidalda idilər ki, günəş
çıxdı və ruzigar öz təəccüblü işindən barmağını dişlədi və dövranın gözü
bərələ qaldı, Onlar ki mühasirə işində idilər, artıq ondan əl çəkərlər və necə
ki deyilmiş oldu [ki] Teymur köç göstərişi verdirib, [bundan başqa
Teymur] qərargah və çadırlarını [da] hündür bir məkana aparmış idi
ki, qəfildən xəbər gətirən bir uğurlu adamının dilindən ürəyinin qulağı
ilə bu müjdəni eşitdi:
Qapalı görsən də çarənin qapısını ümidsizliyə
qapanma,
Bil ki, bəndə aça bilməyən qapını Allah
istədiyi vaxt bilər aça.
Teymurun uzaqdan nəzərinə çatdı ki,
qalanın darvazası yanında bir güruh bir-birinə hücum edib mübarizə edirlər; və
öz yaxın[ adam]ları və köməkçiləri üçün dedi ki, mən budur görürəm, o şeyi
ki, siz də görə bilərsiniz, tələsin və kömək edin və döyüş yerinə yaxın olub
məni onun (– davanın)
necəliyindən agah edin. Buna görə getdilər ki yenə xəbər əldə etsinlər və o
gizli məsələni aşkar etsinlər və Onlar şir ürəklilərdən (elə) bir güruh idilər
ki, düşmənçilik [hissi] və kinlilik
öz təbiətlərində [bir-birlərinə qarşı] baş qaldırmamış idi və
hamısı birlikdə aşağı düşən kimi elə göründü ki, şeytan sifətlər (– monqoloid irqində
olanlar, Teymurun əsas ordusu) ilə atdanmağa və qalxmağa
və uçmağa qalxmışlar, o dəstənin qabağında gələnlər Pirməhəmmədi
ölmüş hesab etdi ki, elə öz odunun atəşində yanırdı və Bu (–Pirməhəmməd) Onları uzaqdan görən kimi təzə bir həyat
tapdı və titrəməsini və qüvvəsizliyini
bir tərəfə qoyub dirçəliş və qüvvə qazandı.
Xaçpərəstlər körpünü götürməkdə
acizliyə düçar olan kimi, ondan üz çevirdilər və istədilər ki qalaya daxil
olalar və onun darvazasını möhkəm bağlayalar və bu niyyətlə
bir də geri durdular, o zaman Pirməhəmməd onlara
hücum etdi və qalaya daxil oldu və Onları darvazanı bağlamaq [imkanın]dan
məhrum etdirdi, Onu qılıncla möhkəm yaraladılar və daş-qalaq etdilər və O, əl çəkmədi və elə bu işin həlli üçün öz
səy və çalışmasını artırdı və daş və dəmir ki Ona dəyir, agah olmurdu.
Ta o döyüşkən şiri-mərdlər yetişdilər
və qəzəb yağışı və hiddət seli kimi göydən və yerdən kömək və yardıma rəvan
oldular və qızışmış şirlər kimi Onların üzərinə şığıdılar və Pirməhəmmədi Onların caynaqlarından qurtardılar, o zaman
xaçpərəstləri ayağı bağlı dustaqlar edib Onların mallarını talan
etdilər və Onların arvad-uşaqlarını əsir götürdülər. Pirməhəmmədi
Teymura çatdırdılar və Onu (–
Teymuru) Bunun (– Pirməhəmmədin) niyyət və xəyalından agah etdirdilər,
sonra Bunun qanı daman yaralarına diqqət yetirdilər – onların sayı on səkkizə
çatırdı[!], Teymur Buna razılıq
etdi və çoxlu vədlər verdi və Onu yüksək mərtəbəyə aid olan bir rütbəyə malik
edib Təbrizə göndərdi və o diyarın başçılarına və fərmandehlərinə
sifariş etdirdi ki, həkim və dərman düzəldənlər Bunun başına yığılsınlar
və tam sağalmasına çalışsınlar və Onlar Onun (– Pirməhəmmədin)
müalicəsində çox çalışdılar və Teymurun fərmanını və (yenə) Onun sifarişini
yaxşı həyata keçirdilər və bir çarə axtaranla bir çarə tapıb [Pirməhəmmədin müalicəsini] o dərəcədə bacardılar ki, [tezliklə]
Onun xəstəliyini mükəmməl [surətdə]
sağaltdılar, elə ki yaralar ondan daha yaxşı idi ki, dərman qəbul etdi
və Teymurun yanına getdi, Teymur Onu qoşunlarının bir hissəsi üzərində
sərkərdəliyə təyin etdi və ləşgərlərindən çoxlu
güruhun fərmandehliyini Onun ixtiyarına verdi.
Bu qala və mağara
Gürcüstan qüllələri arasında iki göz kimi idi və o vaxt
ki, dövlətin üzü görən nemətdən bəhrəsiz
qalar, yəqin edilər ki, müsibətlilik və matəm həngaməsi yaxınlaşmışdır, öz
güclərini əllərindən verərlər və həm də Onları birləşdirən «ip» qırılar, çarə qılmaq əndişəsi
yer üzərində «çöməldi» və qiyamət qalmaqalı «ayaq
üstə» durdu, salamat (–əmniyyət) və həmrəylik Onların diyarına əlvida dedi və
cəhənnəm atəşi qəzəbli çöhrəsi ilə Onların pişvazına tələsdi, Teymur o bir uğur və
fəthi yaxşı yozdu və Gürcüstan məmləkətlərinin “xilası” qəsdi ilə yüyəni
boşaldıb öz şeytan sifətlər ordusunu hərəkətə gətirdi[ ki], Onların
həyat xırmanını amansız atəşlə yandıra və Onların ölüm kəfənini qılınc qayçısı
ilə biçə və ox iynəsi ilə tikə və intiqamın dili bu ayəni Onlara oxudu:
أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى
الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا
(– Görmədinmi Biz
kafirlərin üzərinə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdik?)[9]
Gürcülər günah və təqsirlərinin əfv
edilməsi üçün elə bir çarə qılan adam axtardılar ki, ondan əvvəl yırtılmış olan
həyat libaslarını yenidən tikələr və ondan əvvəl qırılmış həyat zəncirini
yenidən birləşdirələr, “fəryad-e əlaman”
bayrağını qaldırdılar və Şeyx İbrahim hakim-e Şirvandan öz qurtuluşları
üçün kömək istədilər, öz işlərinin yüyəni Onun tədbir əlinə tapşırdılar və O,
gürcülərlə qeyri-məzhəbdə olsa da, Onu bir başçı seçdilər, bu zaman yay fəsli
Gürcüstan adamları kimi meydanı tərk etmiş və payız
fəsli Teymurun ləşkərləri kimi kölgəsini dünyaya salmış idi, “sultanlıq
bayraqları” ağacların budaqlarından ən yuxarını bəzəmiş və dağlıq yerləri
şərəfləndirmiş və axşamların nəsim küləyindən nəm götürən yer üzü
“Davudi zireh” örtmüş və o
şeylər ki, hərəkət edən və hərəkət etməyənlərdən cahanda vardır, Teymurun kömək
və yardımına yetişmiş idi və mən demişəm:
Xuda bir bəndyə
şərait yaratsa,
Olarlar düşmənlərinin yardımçıları.
Bu pozğunluqdan qurlulmaq istəsə o
kəs,
Davam gətirməlidir odda yanmağa.
Əgər bacarmasa itirər ağlın,
Zar edər güllər tək yanı tikanlı.
Şeyx İbrahim Teymurun dərgahına gəlib
yeri öpdü və necə ki padşahları öyürlər, Onu [eləcə]
tərif etdi və özü bəndələr duran yerdə dayanıb icazə istədi ki söz desin və
onun cavabını eşitmək şərəfinə nail olsun. Teymur icazə verdi, onda O dedi:
Padşahın mehribançılığı və Onun aciz fəqirin könlünü alması və
Onun bol rəhmət və tükənməz lütfündən faydalanan mən bəndəni söz ərz etməyə təhrik etmiş ki,
indi Şərif rəy (–Teymur) qarşısında aşkardır və buna görə Allaha
şükür ki arzu oxu məqsəd hədəfinə oturub və ürəyin ümidi muradın astanasına girmiş olubdur; bizim havadarın heybəti yer
üzünün şərq və qərbini bürüyüb və Onu vuruş və çarpışmadan qorxusuz etmişdir, uğurlu
ləşgəri nə qədər hesablaya bilsələr, onun sayı ondan (– hesab edilə biləndən)
daha çoxdur və sayda nə qədər saymaq mümkün olsa, onların (– “uğurlu ləşgər”in)
əlində əsir və dustaq ondan (– saymaq mümkün olan saydan)
daha artıqdır, xüsusilə tatar adamları ki xoşbəxtlik Onlardan üz döndərmiş
və özləri yoxluq diyarında yer tapmışlar, [Onlara] qışın soyuğu
bol ziyan yetirib və Onların nəfəsləri kəsilməkdədir və beləcə, Bu gedişatda
çox keçsə, zəlil günə qalanlar və zəlillər məhv olar və xırda böyüklər (– orta təbəqəyə
mənsub adamlar) və xırdalar (– aşağı təbəqə, qara
camaat) ölüm yoluna yollanarlar, bu ölkənin işi bəlkə cahanıın
bütün ölkələrinin işlərindən ən çətinidir ki, Sənin üçün başqa nəticə verdi, bu
ölkənin başçı və böyüklərinin hamısı bu bəndədə Padşahın inayətini görüb və
qonşuluq səbəbindən mən bəndəni vasitəçiliyə seçmişlər və Şərif rəyin
sədəqələrindən əziz bağışlanmaq[a] ümid edənlərdirlər ki, istədikləri
ondan qeyri şey [deyil], hər hansı bir mübarək fikrə gəlsən və ali əmr
buna işarə etsə bu bəndə və o camaat qəbul gözü ilə görməkdəyik və fərmana tabe
olmaqdan qeyri yol seçmərik və əgər əsas məqsəd maldır[sa],
gərək, bu bəndə (– yəni mən) onun
təqdiminə duram. Bu evin oğlu üçün mal-dövlət hardadır
ki, o evdə nəyə sahibdir ki? Nökər bu tərz iş görən deyildir; bəlkə bu baxımdan
ki zəhmət və əziyyət iki tərəfdən bəhrə verdi və qonşuluq haqqı yerinə yetdi və
Rəsul-e Əkrəm (S.) buyurdu ki, Cəbrayıl həmişə mənə qonşunun halının
gözlənilməsini sifariş etməkdədir; budur böyük adamların şərif
rəyi və əgər nökər [də] ümidsiz geri qayıtmaz[sa]
süvabı daha çox olar.
Teymur Bunun xahişini qəbul edər və
Onun və Onların mallarından ziyadə bol
bir mal istəmiş olub; Şeyx İbrahim o istənilənləri Onun (– Teymurun) xəzinəsinə göndərdi və özü köçər və
Onun (– Teymurun) qışlağının
xalçasını Qarabağ içində sərər və bu[nlar]
806( 1403)-cı ildə [olmuş] idi.»[10]
Ş Ə R H
Ankara döyüşündən
geri dönən Əmir Teymurun 1403-cü ildə
Gürcüstandan keçməsi, gürcü qalalarını
tutması və orada törətdiyi dağıntılar Nizaməddin Şaminin
və Şərafəddin Əli Yəzdinin eyniadlı əsərlərində – “Zəfərnamə”lərdə,
geniş şərh olunsa da “Əcaibül-məqdur" dakı bu dair təfərrüat onlarda yoxdur. Düzdür, Ş. Ə.
Yəzdi Əmir
Teymurun Gürcüstana son hücumlarından bəhs edərkən, həqiqətən də lap axırda “mağaralıq”dan və “sandıq”lardan söhbət açır.[11] Amma o həmin hadisənin “Abxaz diyarı”nda[12] cərəyan etdiyini göstərir və bu barədə
onun yazdıqları “Əcaibül-məqdur”dakılardan fərqli olaraq,
ötəri və qarma-qarışıqdır. Heç
şübhə etmirik ki, Ş. Ə. Yəzdi “Abxaz diyarı” deyərkən, ya sadəcə, səhvə yol vermiş, ya da ki
Şəki ölkəsinin xristianlar yaşayan şimalını nəzərdə
tutmuşdur. Amma hər halda, Teymurun “Abxaz diyarı”ndan geri dönməyə
başlamasının bu müəllif tərəfindən göstərilmiş dəqiq tarixini, yəni oktyabrın
1-i, bazar ertəsi gününü,[13] Əmir Teymurun Şəki ölkəsindən geri
dönmə tarixi hesab etmək və tarixi xronologiyaya tətbiq etmək mümkündür.
Ş. Ə. Yəzdi həmin gündən
sonra Əmir Teymurun ovla məşğul
olmasından və daha sonra isə bir müddət əvvəl əsir düşmüş bir qrup “gürcü sərdarı”nın
Gürcü çarı Georginin yanına göndərməsinin nəticəsi kimi əks tərəfdən
gəlmiş elçiləri qəbul etməsindən bəhs edir. Burada da sülhün baş tutmasında
“gürcülərin aradüzəldəni olan” Şirvanşah Şeyx
İbrahimin müsbət təsiri göstərilir, amma onun aradüzəltmə
işi, Ərəbşahdakı kimi geniş şərh olunmur, sadəcə,
Teymur dərgahında həmin məsələ müzakirə olunarkən “gürcü”lərin xeyirinə çıxış edir.[14]
O ki qaldı söz gedən 1403-cü il
hadisələri barədə ibn Ərəbşahın yazdıqlarına,
hansılar ki yuxarıda onların hamısının tərcüməsi verilib, bu hekayətlər daha
çox, bir adamın dilindən deyilən təəssürata, yaxud xatirəyə bənzəməkdədir.
Diqqət yetirsək ki, “Əcaibül-məqdur”un müəllifi
1401-ci uldə ailəsi ilə birlikdə teymurilər tərəfindən əsir götürülmisdür,
bu halda, onun, Əmir Teymurun 1404-cü ildə Səmərqəndə qayitmasına qədər Cağatay
ordusunda saxlanıldığını, 1403-cü ildə
həmin ordu ilə birlikdə Şəki ölkəsində olduğunu və orada baş
verən bəzi hadisələri, hansılar ki sonralar “Əcaibül-məqdur”da
qələmə almışdır, onları o vaxt, 14 yaşında ikən, şəxsən müşahidə etdiyini güman etmək olar.
Heç şübhə yoxdur
ki, ibn Ərəbşahda adı çəkilən Gəl-Gör-Get qalası daha sonralar “Gələsən-Görəsən” adlananmışdır
və xarabalığı da indiki Şəki şəhərindən
bir neçə km. şmaldadır. Vətən tarixçiliyində ilk dəfə
burada, indi bizim tərəfimizdən irəli sürülən bu fikir, heç də yalnız adların oxşarlığına əsaslanmır. Belə ki
qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz,
Gələsən-Görəsən qalasına uyğun gəlməkdədir. Amma “mağaralıq”ı Şəkiyə aid edə bilməyimiz üçün əlimizdə belə bir tutarlı dəlil, yaxud
istinad edilməli elə bir şey yoxdur. Özü də bir az yuxarıda qeyd olunduğu kimi,
Ş. Ə. Yəzdi oranın adını
“Abxaz diyarı”nda
vaqe olan hadisələr bəhsində çəkmişdir.
Amma bunlara baxmayaraq, biz “mağaralığ”ı
Gələsən-Görəsən qalasının yaxınlığında axtarmağa və 16-cı əsrin
ortalarındakı “Sığnaq”la,[15] yaxud da indiki Marxal’la[16] eyniləşdirməyə üstünlük veririk.
Aydın
Məmmədov
^^^^^^^^^^^
"Səkinin səsi" qəzetinin RSS Xəbərləri
* * |
"Səki
tarixi" saytının RSS Xəbərləri
* * |
Bu səhifənin Google Page Rankı:
** **
history Sheki ; История Шеки ; Seki tarihi ; Səki tarixi
saytının Ana səhifəsi >>>
Saygaclar: 1. 2. 3. : 4.
5. 6. 7.
Bu
reklamlara baxsanız bizə də xeyir verərsiz!
*
*
Veb
Kataloq Səki "Səkinin səsi”
qəzeti
*
Bizimlə
əlaqə: shekitarixi@gmail.com
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
[1] Məqalə
fars dilindən tərcümə edilmiş mətnsiz Azəbaycan
[2] U. U v
at o v (1974), səh. 10, 11, 26
[3] Bax: تاليف: ابن عربشاه،
زندگانى شگفت آور تيمور(ترجمهء كتاب عجايب المقدور فى اخبار تيمور،
ترجمه: محمد على نجاتى)،
طهران –١٢٣٩
[4] Məsələn,
necə ki Şəki
əyalətinin 1824-cü il siyahıyaalma aktlarında Vartaşen kəndidə yaşayan pravoslav udinlər “gürcü”, qriqoryan udinlər isə “erməni”
kimi qeydə alınmışlar . Əmir Teymurun hücumları dövründə, Şəkidə çox sayda xristian yaşaması faktı narrativ mənbədə – İoann de Qalonifontibusun “Qafqaz xalqları haqqında məlumat”ında təsdiq olunur (İoann de Qalonifontibus yazır: Burada hakimiyyət müsəlmanların əlindədir. Burada həm gürcülər (– oxu: pravoslavlar), saratsinlər (– oxu:
müsəlmanlar), darginlər və ləzgilər yaşayır... Onların (– əslində, onların xristianlarının) məzhəbləri gürcülərlə eynidir, amma artıq
qeyd edilənlərdən başqa, [həm də əlavə etməliyəm
ki,] onlar özlərinin bir neçə xüsusi
[dini] mərasimlərini də icra edirlər. И о а н н дe Г а л о н и ф
о н т и б у с, 25.
)
[5] Əmir Teymur 28 iyul
1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən
geri dönürdü.
[6] Düz mötərizə
içindəki ifadə əvəzinə mətndə: bu ayələr
[7] Surə: 16 (سورة
النحل); ayə: 79.
[8] Buradakı “Gürcüstan adamları” ifadəsi (yaxud “gürcü” sözü) etnik
məna daşıya bilməz. Belə ki
iqtibas gətirilən mətnin sonunda – Şeyx İbrahimin dilindən deyilən sözlərə diqqət yetirsək görərik ki, orada söhbət
əslində “tatarlar”dan gedirmiş. Yəqin
ki gürcülərlə eyni məzhəbdə olduqlarına
görə onlar “Gürcüstan adamı” (yaxud “gürcü” ) kimi təqdim edilmişlər.
Şəki ölkəsi əhalisinin “tatar” adlandırılmasına gəlincə isə, fikrimizcə
burada qeyri-adi bir şey yoxdur.
Axı, o vaxt
şəkililər türk hesab
edilə bilməzdilər. Çünki türklər əslində
teymurilər özləri idilər. Onların türkmən adlandırılmaları da mümkünsüz idi.
Belə ki türkmənlər
köçəri həyat sürürdülər. Yeri gəlmişkən, qeyri-türklər tərəfindən oğuzların “tatar” adlandırılması fakına 2 dəfə “Kitabi Dədə
Qorqud”da da təsadüf edirik:
IV boyda “kafirlər” Qazan xan oğlu
Uruz bəyə “tatar oğlu” (Kitabi
Dədə Qorqud, səh. 80), X boyda isə “təkurun
arvadı” Qazan xanın özünə “tatar”
deyir (Yenə orada, s. 144).
[9] Surə 19 (سورة مريم); ayə 8.
[10] səh.
204-212، (١٢٣٩)ابن عربشا ه
[11] səh. شرف الدين على يزدى
(١٩٧٢)،
[12] Orta əsr
farsdilli mənbələrində Abxaz diyarı məfhumu, indiki Abxaziya ərazisinə yox, əsasən Kaxetiyanın şimalına (– Mərkəzi Gürcüstan) şamil edilmişdir.
[13] səh. 440 b
شرف الدين على يزدى (١٩٧٢)،
[14] (1972) səh. شرف الدين على يزدى (١٩٧٢)،
[15] 1551-ci ildə Şah
Təhmasib Şəkiyə hücum edərndə, yerli əhalinin bir qismi, məhz,
Sığnağ’a sığınmışdı (Bax: səh. حسن روملو (1931) ، ). Az.
[16] Marxal, Şəki şəhərindən
şimalda, Kiş kəndinin
qarşısında, Gələsən-Görəsən qalasının
isə cənub-şərqindədir və hal-hazırda ora
istirahət obyektidir.