1918 – 1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının
yaradıcılarından çoxu, bu cümhuriyyətin süqutundan sonra mühacir həyatı
yaşamağa məcbur oldular və ömürlərini də qürbətdə başa vurdular. Onların
qəbirləri indi də qürbətdədir. Xalqımıza divan tutan erməni Stepan Şaumyanın
qəbri və heykəli Bakının düz ortasında, Şərqdə ilk cümhuriyyəti quran
həmmillətlərimizin məzarları isə qürbətdə!
Vaxt gələcək, biz müsəlmanlar ayılacağıq, istəyəcəyik ki Məmmədəmin
Rəsulzadənin, Fətəli xan Xoyskinin və nə bilim, bunlar kimi nə qədər digər
görkəmli şəxslərimizin nəşini gətirək Vətənə. O zaman sual ortaya çıxacaq:
onları harada dəfn edək? Fəxri Xiyabanda? Şəhidlər xiyabanında? Ya Elçibəyin
adıyla hallandırılan versiyaya uyğun “Sahil”, yəni keçmiş “26-lar” parkında? Ya
anadan olduqları yerdə? Ya qohumların, yaxud əcdadlarının dəfn olunduqları
yerdə? O zaman bizim bu məqaləmiz aktual olacaq.
BİR QƏBİR KİTABƏSİNİN İZİ İLƏ,
YAXUD F. X. XOYSKİNİN ƏSLİ-NƏCABƏTİNƏ
DAİR TARİXİ FAKTLAR[1]
ŞƏKİDƏKİ XAN QƏBRİSTANLIĞINDA DƏFN OLUNMUŞ
SƏLTƏNƏT BƏYİM F. X. XOYSKİNİN BACISIDIRMI ?
F. X. XOYSKİNİN ULU CƏDDİ: HƏSƏN BƏR-MƏKLİ;
O, ABBASİ XƏLİFƏSİ HARUN ƏR-RƏŞİDİN HƏMDÖVRÜ OLMUŞDUR!
F. X. XOYSKİ NƏSİL ŞƏCƏRƏSİ ÜZRƏ KİMLƏRİN
NƏTİCƏSİDİR:
1.) Xoy hakimi Əhməd xan və onun arvadı
Səltənət bəyim Hüseynəli xan Qacar qızının;
F. X. XOYSKİ KİMLƏRİN NƏVƏSİDİR:
2.) Şəkili Hacı Molla Zeynalabdin? və onun
arvadı “...........?..........”.
F. X. XOYSKİNİN VALİDEYNLƏRİ KİMLƏRDİR:
2.) Anası: Şəhrəbani xanım şəkili hacı
Zeynalabdin qızı?
Fətəli
Xan Xoyski ailəsinin genealoji cədvəli
Keçmiş SSRİ-də kommunist rejimi süqut edəndən sonra onun bütün respublikaları
kimi Azərbaycanda da, o cümlədən Azərbaycanın bütün şəhərləri kimi Şəkidə də
bir sıra prospekt, küçə və s.lərin adlarına “əl gəzdirildi”. Məsələn, burada
əvvəlki K. Marks prospektinə indi Azərbaycanın görkəmli dövlət xadimi F. X.
Xoyskinin adını verdilər…
Lakin həmin addəyişmə əməliyyatı zamanı heç kimin ağlına belə
gəlməmişdir ki, yeni F. X. Xoyski prospektində, məhz, eyni şəxslə bağlı
təfərrüat mövcud ola bilər. Bəli, biz müəyyənləşdiririk ki, söz gedən prospektin
lap başlanğıcında, üz cənub-şərqə doğru sağda yerləşən Xan qəbristanlığında
F. X. Xoyskinin atabir bacısı – 1869-cu ildə dünyasını dəyişmiş Səltənət bəyim
dəfn edilmişdir. Düzdür, mərhuməyə məxsus baş daşı kitabəsində yalnız ərəbcə
həkk olunub ki “...bu qəbir ali rütbəli İsgəndər xanın qızı Səltənət bəyimindir...»[2] və onun həqiqətən Fətəli xanın bacısı olduğu
barədə hər hansı bir tutarlı mülahizənin irəli sürülməsi üçün isə bir qədər
geniş araşdırma aparılmasına ehtiyac var. Biz həmin işi bu sətirlərdən sonra
daha bir neçə yarımbaşlıq altında görəcəyik. Və eyni zamanda xoyskilərlə bağlı
bəzi qaranlıq məqamlara aydınlıq gətirmək, bir sıra maraqlı və əhəmiyyətli
tarixi faktları üzə çıxarmaq niyyətindəyik. Lakin bəri başdan qeyd etməliyik
ki, ciddi cəhdlərimizə baxmayaraq F. X. Xoyskinin nəsil şəcərəsini tam öyrənmək
üçün lazımi qədər məlumat əldə edə bilmədik. Həmin səbəbdən də bu məqalədə
dəqiqləşdirilməmiş bəzi şeylərin, məsələn, söz gedən şəxsin anasının, o
cümlədən ana tərəfdən baba və nənəsinin, həmçinin, atasının ana nənəsinin
adlarının, atasının bizdə mübahisəli vəziyyətdə qalacaq təvəllüd və ölüm
tarixlərinin və s. lərin öyrənilməsi işini, bu mövzunu araşdıracaq daha sonrakı
tədqiqatçıların öhdəsinə buraxacağıq…
Belə ki bu məqaləmizə və Pərvin Xəyyam oğlu
Mirzəzadənin köməkliyi ilə ingilis dilində İnternet səhifəsinə
yerləşdirilmiş Xoy xanlarının nəsil şəcərəsi barədə digər bir materialadək,
xoyskilərin genealoji cədvəli tərtib edilməmişdi. Həmin səbəbdən də Azərbaycan
dövlətçiliyinin görkəmli simalarından olan F. X. Xoyski haqqında nəşr olunmuş
bütün tədqiqat materialları üzrə bir qayda olaraq, onun əsli-nəcabətindən ya
heç bəhs olunmur, ya da ki ötəri, həddindən artıq konkret bəhs olunur və bu
zaman bəzən səhvə yol verilərək 1814-19-cu illərdə Şəkidə səltənət sürmüş
İsmayıl xan onun babası hesab edilir.[3] Halbuki,
əslində İsmayıl xanın oğul evladı olmamışdır. Bu qəbil yazılarda F. X.
Xoyskinin atası İsgəndər xanın təvəllüdünün 23-24 il xəta ilə (!) göstərilməsi
halına da rast gəlmək mümkündür[4] (İsgəndər xanla bağlı bəzi müəmmalar və təzadlı
məlumatlardan isə bir qədər aşağıda, onun adı olan müvafiq yarımbaşlıq altında
bəhs ediləcək)...
Qəribədir ki ADC-nin 80 illiyinin keçirilməsi ilə
əlaqədar sabiq mərhum prezident H. Əliyev cənablarının 30 yanvar 1998-ci il
tarixli sərəncamına əsasən yaradılmış Dövlət Komissiyasının qərarı ilə eyni
ildə Bakıda nəşr edilmiş “Fətəli xan Xoyski – həyat və fəaliyyəti” adlı
kitab Baş Arxivlər İdarəsi tərəfindən tərtib olunsa da, orada da Fətəli xanın
əsli-nəcabəti barədə ətraflı elə bir məlumat yoxdur. Halbuki, bu barədə həmin
İdarənin nəzdindəki Dövlət Tarix Arxivində bir çox sənədlər olmalıdır və biz
aşağıda onlardan şəxsən tanış olduğumuz bir qisminə istinad edəcəyik.
O ki qaldı qeyd olunan İnternet səhifəsindəki materiala, burada
xoyskilərlə bağlı xeyli maraqlı və əhəmiyyətli informasiya vardır ki, onların
da bir qismi, artıq, öz tədqiqatımızın nəticələri ilə üst-üstə düşmüşdür.
Məqaləmizin təqdim olunan indiki redaktəsinə daxil edilmiş bəzilərinin isə
haradan götürülməsi bizim üçün məlum olmasa da hər halda nəzərə alınmalıdır ki,
onları ciddi qəbul etməməyimiz üçün də əsasımız yox idi.
İlk xoyskilər bu familiyanı qəbul etməzdən əvvəl, Xoy xanları kimi
(həm də dünbülü adlanan kürd tayfasının başçıları kimi) və ya bunların
nəslindən olan şəxslər kimi tanınırdılar.[5] Özlərinin rəvayətlərinə görə isə onlar Abbasi
xəlifəsi Harun ər-Rəşidin dövründə (786-809) yaşamış və adı çəkilənin təqibi
nəticəsində 803-cü ildə İrana qaçıb gəlmiş Həsən Bər-Məklidən başlanan
“bərmənidlər” sülaləsinə mənsubdurlar.[6] Məlumat üçün
əlavə edək ki, əslində söhbət bərməkilər sülaləsindən gedir və Abbasilər
dövründə vəzirlər nəsli kimi tanınan bu sülalənin ən məşhur nümayəndəsi isə Xəlifə Harun
ər-Rəşidin vəziri olmuş Cəfər Bərməkidir, hansı ki adına məşhur Min bir gecə
nağıllarında təsadüf edirik.
1763 – 1786-cı illərdə Xoy hakimi olmuş Əhməd xan, hakimiyyəti dövründə
ətraf xanlıqların bir çoxunu da öz nüfuz dairəsi altına sala bilmişdi.[8] Buna görə
Türk sultanı ona Azərbaycanın ali sərəsgəri (–baş komandanı) titulunu verib.[9] Əhməd xan 1786-cı ildə öz qardaşı Şahbazın
oğlanlarının sui-qəsdi nəticəsində öldürülmüşdür.
Əhməd xanın arvadlarından biri olan Səltənət bəyim
isə İrəvan hakimi Məhəmmədqulu xan Qacarın[10] bacısı
idi. Bəzi tarixi sənədlərdən məlum olur ki, (əgər heç bir dolaşıqlıq yoxdursa!)
o, Əhməd xanın ölümündən sonra qaynı Cəfərqulu xana ərə gedibmiş.
Əhməd xanla Səltənət bəyimin oğulları
Kəlbəli bəy, F. X. Xoyskinin babasıdır – başqa sözlə, atasının atasıdır.
Əhməd xandan sonra qardaşı Cəfərqulu xan Xoy hakimi oldu. Bir müddət
sonra (1797-ci ildə?) onun 300 nəfərlə ova getməsindən istifadə edən İran şahı
Xoya qoşun göndərib oğlunu, arvadını və qardaşını girov götürdü. Cəfərqulu xan
İrəvana getdi. Lakin tezliklə, vəliəhd Abbas Mirzə ordusunun oraya üz tutduğunu
eşidib həmin şəhəri də tərk etməyə məcbur oldu. 1804-cü ildə ruslar İrəvanı ələ
keçirdikləri vaxt Cəfərqulu xan 200 nəfərlə onların qərargahına gəlib sədaqət
andı içdi. Əvəzində general-leytenant rütbəsi və Çar Aleksandrın adından
qiymətli hədiyyələrlə mükafatlandırıldı.[11]
1806-cı ilin axırlarında isə ruslar Şəkinin xanı olmaq üçün Cəfərqulu
xanı “dilə tutdular” (– bu ölkənin yerli xan sülaləsinə mənsub şəxslərdən artıq
heç birisinin səmimiyyətinə inanmadıqlarına görə!) və Çar Aleksandrın 10
dekabr 1806-cı il tarixli[12] fərmanı ilə onu rəsmi şəkildə Şəki xanı təyin
etdilər.[13] Yeri
gəlmişkən, qeyd edək ki, Cəfərqulu xan hələ 1802-ci ildə, o vaxtkı Şəki hakimi
Məhəmməd Həsən xanla müttəfiqlik nümayiş etdirmişdi.[14] Onun yeni təyinatı ilə əlaqədar isə 10 minə yaxın
tərəfdarı, yaxud rəiyyət və qohum-əqrəbası Şəki xanlığı ərazisində məskunlaşdı.
Tarixçiliyimizdə Cəfərqulu xanla bağlı bir qədər inandırıcı olmayan
belə bir müddəa da var ki, guya o, Xoydan xeyli erməni köçürmüş və bunlar Şəki
xanlığı ərazisində 4-5 yeni kənd salıblarmış.[15] Əslində
isə biz 1824-cü il Şəki əyalətinin siyahıyaalma aktlarında yalnız Cəfərabad
kəndi üzrə 93, Nuxa şəhəri üzrə isə 65 xoy mənşəli erməni ailəsinin qeydə
alındığını görürük.[16]
Cəfərqulu xan 8 ilə yaxın Şəki xanı olduqdan sonra 22 avqust 1814-cü
ildə isitmə xəstəliyindən ölmüşdür.[17]
Cəfərqulu xanın qızı Sara bəyim, F. X. Xoyskinin nənəsidir – başqa sözlə, atasının
anasıdır.
Cəfərqulu xanın ölümündən sonra oğlu İsmayıl xan Şəkidə hakimiyyətə
başladı. Və Çar Aleksandrın 10 may 1815-ci il tarixli fərmanı ilə rəsmi şəkildə
Şəki xanı kimi təsdiqləndi.[18] Lakin o, Rus hakimiyyət dairələrinin ümidlərini
doğrultmamışdı. Yüksək çinli Rus məmurlarının öz aralarındakı raportlarında
İsmayıl xanı hətta “великий дурак”[19] da
adlandırmışdılar.[20] Nəhayət, İsmayıl xan xəstələndi və bir həftəlik
yataq vəziyyətindən sonra 24 iyul 1819-cu ildə öldü. Belə bir fürsət gözləyən
ruslar isə onun oğul varisinin olmamasını bəhanə edərək Şəki xanlığının ləğv
edildiyini və yerində Şəki əyalətinin yaradıldığını elan etdilər.[21] Şamaxı hakimi Mustafa xan o vaxt iddia etmişdir ki
İsmayıl xanı ruslar öldürüblər. Ruslar isə öz növbələrində onun, bacısı Sara
bəyim tərəfindən zəhərlənməsindən şübhələndiklərini bildirirdilər.[22]
Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum xanın qohum-əqrəbasının
bir qisminə illik təqaüd kəsdilər. Məsələn, “Kiçik ağa” ləğəbi ilə
tanınan əmisi oğlu Kəlbəli bəyə (– təvəllüdü 1875-ci ildir.[23]) əvvəl 1300, sonra isə 2300; onun anası Səltənət
bəyimə 1200 manat və s.[24] Lakin
bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək “məsləhət”
görüldü.
Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli
bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə
realizə olması barədə hələlik əlimizdə elə bir informasiya yoxdur. Yalnız
məlumumuzdur ki, 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə
“Xoyu idarə edən şəxs” kimi göstərilir.[25] Eyni
vaxtda Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara sədaqətlə xidmət
etməsinin müqabilində, 10 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq
idi ki polkovnik idi) artırıldı – general-mayor oldu. [26]
Daha sonralar, 26 noyabr 1831-ci il tarixli sənəddə, həmin vaxt
Dərbəndən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus
qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edirik.[27] Kəlbəli
xan 29 iyul 1834-cü ildə Yelisavetpolda (– Gəncə şəhərində) dünyasını
dəyişmişdir.[28]
Kəlbəli xan və arvadı Sara bəyimin oğulları
İsgəndər xan F. X. Xoyskinin atasıdır.
1819-cu ildə xoyluların Nuxadan çıxarılması ilə bağlı yuxarıda bir
neçə kəlmə yazdıq. İndi yeri gəlmişkən, bu işin bəzi təfərrüatı barədə: Həmin
vaxt Kəlbəli bəy və arvadı Sara bəyim hələ bir müddət burada qalmalı oldular.
Belə ki eyni ilin 25 avqustunda tərtib edilmiş sənəddə onların ləngimələri və
bunun səbəbi göstərilmişdir: Sara bəyim 20 günə doğmalıdır, səhhətinin pisləşə
biləcəyindən çəkinərək Nuxanı tərk etmək istəmir.[29] Bu fakt bizə imkan verir ki, İsgəndər xanın
təvəllüd tarixi və doğulduğu yer barədə nəsə bir mülahizə irəli sürə bilək.
Beləliklə, istinad etdiyimiz mənbədə proqnozlaşdırıldığı kimi həqiqətən də Sara
bəyim hamiləlik yükündən 20 gün ərzində azad olubsa və bu vaxta qədər yaşadığı
şəhəri tərk etməyibsə, deməli, onun evladı 1819-cu ilin sentyabr ayında, özü də
Nuxa şəhərində dünyaya göz açmalı idi. Bəs bu hadisə baş verdimi? Körpənin
adını nə qoydular?
Nuxa şəhərinin 1848-cu il siyahıyaalma aktlarında 30 yaşlı qvardiya
proporşiki İsgəndər xan Kəlbəli oğlu qeydə alınıb.[30] Deməli, onun təvəllüdü 1819-cu
il olmalıdır. Buradan da belə çıxır ki, göstərilən ilin təqribən sentyabrında
Sara bəyimin Nuxa şəhərində dünyaya gətirdiyi uşaq, İsgəndər xan imiş. 1860-cı
ildə tərtib olunmuş ikinci – analoji sənəddə də eyni şəxs 42 yaşında və
qvardiya polkovniki rütbəsində göstərilmişdir.[31] Onun təvəllüdü bu dəfə də 1819-ci il kimi alınır. Deməli, 1819-cu
ilin sentyabr ayı tarixini, tərəddüd etmədən İsgəndər xanın anadan olduğu vaxt
hesab etmək mümkündür! Lakin deyilənə görə, Gürcüstan Respublikasındakı hansısa
arxivdə saxlanılan 19-cu əsrin sonlarına aid belə bir sənəddə söz gedən şəxsin
təvəllüdü birbaşa 1820-ci il kimi göstərilmişdir.[32] Üstəlik,
P. X. Mirzəzadənin hansısa mənbələrə
əsasən tərtib etdiyi İnternet səhifəsində İsgəndər xanın təvəllüdü bir qədər də
qəti surətdə – 1820-ci il mayın 25-kimi kimi təqdim edilir.[33] Sonuncu
tarix tutalım ki daha doğrudur. Və söz gedən şəxs də, ailənin ikinci uşağı
kimi, məhz, həmin vaxt altıaylıq da olsa, dünyaya gəlmişdir. Bəs onda, bundan
qabaq yuxarıda istinad etdiyimiz 1848-ci və 1860-cı illərdə tərtib edilmiş
sənədlərdə nə üçün onun 40 deyil, 42 yaşında olması göstərilmişdir?! Hər halda,
razılaşın ki, İsgəndər xan Xoyskinin 1819-cu ilin sentyabr ayında Nuxa
şəhərində anadan olması barədə bizim göstərdiyimiz dəlillər kifayət qədər
inandırıcıdır və müvafiq tarixi xronologiyaya elə belə də tətbiq oluna bilər:
“İsgəndər xan Xoyski 1819-cu ilin
sentyabr ayında Nuxa şəhərində anadan olmuşdur.”
İsgəndər xan, İsmayıl xanın qızı Səadət xanımla ailə qurmuşdu. Səadət
bəyimin anası, yəni İsgəndər xanın qaynanası Tuti ağa isə Şəkinin sabiq hakimi
Məhəmmədhəsən xanın qızı idi. Yeri gəlmişkən qeyd edək ki, biz bir münşəatda
Tuti ağanın öz kürəkəni İsgəndər xana yazdığı məktubuna da rast gəlmişik.[34] O ki qaldı Səadət bəyimin F. X. Xoyskinin anası
olub-olmamasına, bu ehtimal üçün, yalnız mənfi fikir söyləmək mümkündür. Belə
ki Fətəli xan 1875-ci ildə dünyaya göz açanda, 1819-cu il təvəllüdlü Səadət
xanım (o, İsmayıl xanın ölümündən 3-4 gün sonra anadan olmuşdur) ömrünün 56-cı
ilini yaşamalıydı. Belə ahıl yaş dövrü də qadınların dünyaya uşaq gətirə
bilməsi üçün münasib vaxt hesab edilmədiyinə görə, F. X. Xoyskinin, İsgəndər
xanın hansısa yaşca cavan arvadından doğulduğuna inanmağa məcburuq. Məlumat
üçün əlavə edək ki, internet səhifəsində
– www.almanach.be/search/i/iran_khoy.html
-də, İsgəndər xanın Səadət bəyimdən
başqa daha iki arvadının da olması göstərilir. Və bunlardan da yalnız birinin –
Şəkili hacı Molla Zeynalabdinin qızı Şəhrəbani xanımın adı açıqlanır. Eyni
mənbədə İsgəndər xanın 1871-ci ildə Müqəddəs Anna və Müqəddəs
Vladimir ordenləri ilə təltif olunması da qeyd edilib. Həmçinin, onun
16.12.1889-cu il tarixdə general-leytenant rütbəsi alması da göstərilmişdir.
Biz isə Şəki şəhər sakini Əşrəf Cəfərova məxsus “Şəkixanovların arxivi”-ni
nəzərdən keçirərkən 19-cu əsrin 90-cı illərinə aid bir məhkəmə sənədi ilə tanış
olduq ki, burada həmin vaxt İsgəndər xanın Nuxada barışdırıcı hakim vəzifəsində işləməsi və polkovnik
rütbəsində olması qeyd edilib.[35] (Təəssüf
ki, diqqətinizə təqdim olunan məqalə qələmə alınarkən həmin sənədi təkrarən
gözdən keçirə bilmədik. Bu səbəbdən də onun tərtib olunma tarixini bir qədər
təqribi göstəririk.)
İsgəndər xanın ölüm vaxtı isə həqiqətən mübahisəli hesab olunmalıdır.
Belə ki mərhum akademik Z. Bünyadov və M. Əliyev onun 1908-ci ildə vəfat
etdiyini göstərdikləri halda,[36] məlum saytda bu hadisənin tarixi qəti olaraq “16. 07. 1894-cü il”
hesab edilmişdir.[37]
Onlar Kərbəlada torpağa
tapşırılırdılar, amma qəbirləri sonralar dünyanın müxtəlif şəhərlərinə
səpələndi: Şəkiyə, Gəncəyə, Tiflisə, Moskvaya…
Məlum olduğu kimi F. X. Xoyski 1920-ci ilin iyun ayında Tiflisdə
oldürülüb. Eləcə də, onun qəbri hal-hazırda Tbilisinin müsəlman
məzarlığındadır. (20-ci əsrin yalnız son illərində, Şəmkir rayonun sabiq İH
başçısı A. Aslanov öz şəxsi vəsaiti hesabına F. X. Xoyskinin
qəbrinin üstündə mərhumun büstünü ucaldırmış və abidənin açılış mərasimində isə
Azərbaycanın o vaxtkı prezidenti, mərhum H. Əliyev cənabları şəxsən
iştirak etmişdir.)
Fətəli xanın bacısı Tuti bəyim (1871– ?) və bir qardaşı Cahangir xan
(09.09.1849 –1920; Anası Səadət bəyimdir.[38]) Gəncənin “Səbskar” məzarlığındakı məqbərədə
dəfn ediliblər.[39] Onların ADC dövründə Gəncə general-qubernatorunun müavini
olmuş 22.09.1869–cu il təvəllüdlü Hüseynqulu xan adlı qardaşları isə
07.12.1955-ci ildə İstanbulda vəfat etmiş və qəbri də yəqin ki, oradadır. Eləcə
də digər qardaş – 15.11.1888-ci təvəllüdlü Rüstəm xan (F. X. Xoyski kimi
o da Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir (1901-ci ildə)[40]. ADC-də
və Az. SSR-də müxtəlif yüksək vəzifə postlarını tutmuş, 1920-ci ilin sonunda
Moskvaya köçərək ailə həyatı qurmuş və orada da müxtəlif dövlət vəzifələrində
çalışmışdır.) doğrudan da 1939-cu ildə Moskvada dünyasını dəyişmişdirsə,
deməli, onun da qəbrini, yəqin ki, məhz, həmin şəhərdə axtarmaq lazımdır, Başqa
bir internet saytında – Azərbəycan MEA Azərbaycan Tarixi Muzeyinin elmi işlər
üzrə direktor müavini, tarix elmləri namizədi Kamil Muxtarovun təqdimatında isə
oxuyuruq ki, həqiqətən də R. X. Xoyski Moskvadakı Novodeviçye qəbristanlığında
dəfn olunmuşdur. Lakin bu tədqiqatçı Rüstəm xanın 1948-ci ildə vəfat etdiyini
göstərir.[41]
1878-ci il təvəllüdlü başqa qardaşın – Abbasqulu xan Xoyskinin,
həmcinin, təvəllüdünü bilmədiyimiz, adını və rütbəsini 1873/1874-cü illərin
“Kavkazskiy kalendar” ından öyrəndiyimiz[42] polkovnik
İsmayıl xan İsgəndər xan oğlu Xoyskinin həyatları kimi, aqibətləri barədə
hələlik əlimizdə heç bir məlumat yoxdur. 2004-cü ilin yazında Azərbaycan
KİV-nin yaydığı bir xəbərə əsasən isə biz, F. X. Xoyskinin Adil xan adlı daha
bir qardaşının da adını bildik. Belə ki, qeyd edilən vaxt, Türkiyədən Azərbaycana
təşrif buyurmuş İstanbuldakı Azərbaycan diasporunun fəal üzvü İbrahim xan
Xoyski bildirmişdir ki, onun atası Adil xan Xoyski Fətəli xan Xoyskinin
qardaşıdır. Amma hələlik bu məlumatı dəqiqləşdirmək bizə müyəssər olmayıb və mümkündür ki, həmin xəbər hazırlanarkən,
nəsə, dolaşıqlığa yol verilmişdir.
O ki qaldı F. X. Xoyskinin Səltənət bəyim adlı bacısına, hansı ki biz
məqalənin əvvəlində onun dəfn olunduğu yer barədə artıq yazmışıq, lakin nəyə
görə, məhz, Şəkinin yerli xanlarına məxsus qəbristanlıqda torpağa tapşırılması
haqqında izahat verməmişik, zənnimizcə, bu sətirlərədək oxucu artıq öz-özünə
başa düşməlidir ki, söz gedən mərhumə, ana nənəsi Tuti ağanın Şəkinin yerli
xanları nəslindən olması səbəbindən həmin qəbristanlıqda dəfn edilmişdir. Belə
ki biz bir qədər əvvəl həm də qeyd etdik ki, İsgəndər xanın qaynanası, Şəkinin
yerli xanlarından olan Məhəmmədhəsən xanın qızıdır.
Fətəli xanın atası, İsgəndər xanın məzarının harada olması məsələsinə
gəlincə isə, əgər tam dəqiqləşdirmək mümkündürsə ki onun nəşi Gəncədəki Səbskar
məqbərəsində deyil, bu halda güman edə bilərik ki, söz gedən şəxs də
ata-babaları kimi son nəhayətdə Kərbəlada torpağa tapşırılıb. Belə ki İsgəndər
xanın atası Kəlbəli xanın ölümündən bir ay sonra – 1834-cü il avqustun 30-da cənazəsi
Kərbəlaya göndərilmiş[43], eləcə də 1819-cu ildə İsmayıl
xanın ölümündən də sonra həmin bu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən
müraciət edərək mərhumun nəşinin Kərbəlaya aparılması üçün təşkilati köməklik
göstərilməsini istəmişdir[44].